DİGƏR ÖZ XƏBƏR

Rumıniyalı alimlər: xoşbəxtlik insan ömrünü uzada bilər

Xoşbəxtlik həqiqətən də ömrü uzada bilər — lakin yalnız müəyyən səviyyədən sonra. Bu nəticəyə Rumıniya alimləri gəliblər.

Onların araşdırmasına görə, Life Ladder xoşbəxtlik şkalası üzrə insan ən azı 2,7 bal səviyyəsinə çatdıqda, subyektiv rifah hissi sağlamlığa müsbət təsir göstərməyə başlayır. 32gun.az xəbər verir ki, Tədqiqat Frontiers in Medicine jurnalında dərc olunub.

Araşdırmanın rəhbəri professor Yuliya Yuqa bildirib:
“Biz göstərdik ki, subyektiv rifah yalnız 2,7 bal həddini keçdikdən sonra ictimai sağlamlıq faktoru kimi işləməyə başlayır. Həmin səviyyədən sonra xoşbəxtliyin hər 1%-lik artımı qeyri-infeksion xəstəliklərdən ölüm hallarını təxminən 0,43% azaldır.”

Bu xəstəliklərə ürək-damar problemləri, xərçəng, astma və diabet daxildir — bunlar dünyada pandemiyalarla bağlı olmayan əsas ölüm səbəbləri sayılır.

Life Ladder şkalası xoşbəxtlik səviyyəsini 0-dan 10-a qədər qiymətləndirir: 0 — “ən pis həyat”, 10 isə “ən yaxşı həyat” deməkdir. Araşdırmaya cəlb olunan 123 ölkə üzrə orta göstərici 5,45, minimal 2,18, maksimal isə 7,97 olub.

Yuqa qeyd edib ki, 2,7 bal “çətinliklə dolu həyat” səviyyəsinə yaxın olsa da, artıq bu nöqtədən etibarən xoşbəxtliyin artması sağlamlığa müsbət təsir göstərir.

Tədqiqatçılara görə, xoşbəxtlik səviyyəsi bu həddən yüksək olan ölkələrdə adətən səhiyyəyə daha çox vəsait ayrılır, sosial institutlar sabit fəaliyyət göstərir və bərabərsizlik səviyyəsi aşağı olur. Havanın keyfiyyəti, piylənmənin qarşısının alınması və alkoqolun məhdudlaşdırılması kimi amillər də xoşbəxtliyin artmasına və ölüm hallarının azalmasına birbaşa təsir göstərir.

Alimlər vurğulayırlar ki, xoşbəxtlik yalnız şəxsi hiss deyil, həm də ölçülə bilən ictimai sağlamlıq resursu kimi dəyərləndirilə bilər.

“Rifah üçün minimal həddi müəyyənləşdirmək səhiyyə və sosial siyasət strategiyalarını daha dəqiq planlaşdırmağa imkan verəcək,” — deyə professor Yuqa əlavə edib. — “Xoşbəxtlik sadəcə bir duyğu deyil, cəmiyyətin sağlamlığını qorumağa kömək edən vasitədir.”

Ayaz 

Oxşar Xəbərlər