Naməlum bir kişi təhlükəsizlik əməkdaşlarının xəbəri olmadan gecəni Eyfel qülləsində keçirib.
32gun.az xəbər verir ki, bu barədə Le Parisien nəşri məlumat yayıb.
Məlumata görə, kişi internet vasitəsilə aldığı bilet ilə axşam saat 21:35-də cənub keçidindən qülləyə daxil olub və səhərə qədər orada qalıb. Təhlükəsizlik kameraları onu yalnız səhər saat 10:20-də, qərb turniketindən çıxarkən qeydə alıb. Həmin vaxt kişinin başında GoPro kamerası olub.
Qülləyə heç bir zərər vurulmasa da, hadisə tarixi abidənin mühafizəsinin etibarlılığı ilə bağlı suallar yaradıb. Eyfel qülləsinin operator şirkəti gecə saatlarında naməlum şəxsin içəridə qalmasına şərait yaradan mühafizə şirkətinə qarşı şikayət edib. Hazırda məsələ ilə bağlı polis araşdırma aparır, hadisə yerinə iki kinoloji briqada cəlb olunub.
Məlumata görə, 2025-ci il ərzində Eyfel qülləsinə qanunsuz daxil olanların sayı təxminən 10 nəfər olub. Onlardan bəziləri qüllədən paraşütlə tullanmağa da cəhd göstəriblər.
Ayaz