Mass General Brigham tibb mərkəzinin alimləri müəyyən ediblər ki, menisk yırtığı və diz oynağının artrozundan (osteoartritdən) əziyyət çəkən pasiyentlər ev şəraitində müntəzəm məşqlər etdikdə ağrılarında əhəmiyyətli azalma müşahidə olunur. Üstəlik, bu nəticə fizioterapevtə davamlı müraciət edib-etməməkdən asılı deyil. A
32gun.az xəbər verir ki, araşdırma New England Journal of Medicine (NEJM) jurnalında dərc olunub.
Tədqiqatda orta yaşı 59 olan 879 nəfər iştirak edib. Onlar təsadüfi şəkildə üç qrupa bölünüblər:
- yalnız ev məşqləri edənlər,
- ev məşqlərini standart fizioterapiya ilə birləşdirənlər,
- ev məşqlərini “psevdo” (yəni saxta) fizioterapiya ilə birləşdirənlər.
Evdə yerinə yetirilən proqram həftədə dörd dəfə 25 dəqiqəlik uzanma və ayaqları gücləndirici hərəkətlərdən ibarət olub. İştirakçılara məşqləri düzgün yerinə yetirmək üçün təlim video və broşürlər təqdim edilib.
Standart və “psevdo” fizioterapiya qruplarında olan pasiyentlər əlavə olaraq mütəxəssis qəbuluna qatılıblar: ilk ayda həftədə iki dəfə, ikinci ayda həftədə bir dəfə, üçüncü ayda isə iki həftədə bir dəfə.
Araşdırmanın müəlliflərindən biri, Brigham and Women’s xəstəxanasının Ortopediya və Artrit Mərkəzinin klinik direktoru professor Ceffri Kats bildirib:
“İştirakçılar tədqiqatın əvvəlində orta dərəcədə güclü ağrılardan şikayət edirdilər, lakin 3, 6 və 12 ay ərzində bu ağrılar xeyli azaldı.”
Alimlərin qənaətinə görə, ev şəraitində aparılan məşqlər osteoartrit zamanı ağrıları azaltmaq üçün sadə, əlçatan və effektiv üsul ola bilər — xüsusilə də həkim və ya fizioterapevtin dəstəyi ilə birləşdirildikdə.
Ayaz