DİGƏR ÖZ XƏBƏR

Alimlər böyrəklərə təsir edən nadir mutasiya aşkar ediblər

İmmun sisteminin əsas reseptorlarından biri olan RIG-I-də baş verən genetik mutasiya orqanizmin müdafiə mexanizmini özünə qarşı yönəldə bilər. Bu, ağır autoimmun əlamətlərə, o cümlədən böyrəklərdə ciddi zədələnməyə səbəb olur. Alimlər bu nəticəyə Bonn Universitetində aparılan tədqiqatlar zamanı gəliblər.

32gun.az xəbər verir ki, araşdırma Science Immunology jurnalında dərc olunub.

RIG-I normalda virus mənşəli RNT-ni tanıyaraq immun müdafiəni işə salır. Lakin tədqiqatçılar müəyyən ediblər ki, RIG-I E373A adlı mutasiya reseptoru həddindən artıq həssaslaşdırır: o, bədənə məxsus RNT-ni virus kimi qəbul edərək səhv siqnal göndərir.

Mütasiyalı reseptor daşıyan siçanlarda öz-özünə ağır böyrək iltihabı — qurd eşən xəstəliyinə bənzər nefrit inkişaf edib. Alimlər müəyyən ediblər ki, böyrəklərdə çox miqdarda istehsal olunan Y-RNT adlı qısa molekul “yanlış həyəcan siqnalı” kimi hərəkət edərək reseptoru aktivləşdirir və iltihaba səbəb olur.

Bu proses nəticəsində interferonlar və xemosinlər ifraz olunur, immun hüceyrələri iltihab bölgəsinə toplayaraq toxumaları daha da zədələyir. Tədqiqat göstərib ki, bu prosesdə iştirak edən CCR2 siqnal yolunun bloklanması iltihabı əhəmiyyətli dərəcədə azalda bilər. Bu isə gələcəkdə yeni müalicə üsullarının yaradılmasına imkan verə bilər.

RIG-I-dəki bu cür mutasiyalar bəzi nadir irsi xəstəliklərlə — Singleton-Merten sindromu və sistemli qırmızı qurdeşənəyi (lupus) ilə əlaqələndirilir. Yeni araşdırma immun sisteminin niyə bəzən yalnız müəyyən orqanlara hücum etdiyini daha yaxşı anlamağa və hədəfli terapiyaların hazırlanmasına kömək edə bilər.

Nilay 

Oxşar Xəbərlər