Beynəlxalq alimlər qrupu bildirib ki, tərəvəz, giləmeyvə, balıq və tam taxılların müntəzəm istehlakı yaddaşın zəifləməsini yavaşlada və beynin qorunmasına kömək edə bilər.
32gun.az bildirir ki, tədqiqat Scientific Reports jurnalında dərc olunub.
Alimlər iki məşhur qidalanma üsulunu – Aralıq dənizi dieti və neyrodegenerativ xəstəliklərin qarşısının alınması üçün hazırlanmış MIND dietini müqayisə ediblər. Nəticələr göstərib ki, hər iki dieta yaxşı yaddaş və düşüncə funksiyaları ilə əlaqəlidir, lakin MIND dietası kiçik üstünlük göstərib.
Alzheimer xəstəliyi dünyada 55 milyondan çox insanı təsir edir və tədricən yaddaş və düşüncə qabiliyyətini zəiflədir. Hələ bu xəstəliyin dərmanı yoxdur, amma alimlər həyat tərzi və qidalanmanın riskləri azaltmaqda roluna diqqət yetirirlər.
Çin, Huadu rayon xəstəxanasının rəhbəri Syaofan Liunun aparıcı olduğu tədqiqatda 50-75 yaş arası 1,500 nəfər iştirak edib: 750 sağlam və 750 Alzheimer xəstəsi. Beş il ərzində iştirakçıların qidalanması sorğu və mobil tətbiqlərlə izlənilib, yaddaş və düşüncə qabiliyyətləri yoxlanılıb, qan və onurğa beyni mayesi analiz edilib, həmçinin beyin MRT-si aparılıb.
Nəticələr göstərib ki, dietaya ciddi əməl edənlər daha yaxşı yaddaş göstəricilərinə malik olub, Alzheimer ilə əlaqəli zərərli zülallar azalıb və iltihab prosesləri zəifləyib. MRT nəticələri isə yaddaş və yüksək kognitiv funksiyalar üçün vacib olan hipokamp və beyin korteksinin atrofiyasının yavaşladığını göstərib.
Tədqiqat müəllifləri vurğulayıb: "Hər iki dieta neyroprotektiv təsir göstərir, lakin MIND dietası giləmeyvə, yarpaqlı tərəvəz və tam taxıllar kimi beyinə müsbət təsiri sübut edilmiş məhsulları daxil etdiyi üçün kiçik üstünlük nümayiş etdirir".
Nilay Özsöz