ASA-da beynəlxalq konfrans: “Müasir idman təhsili” müzakirələri yekunlaşdı
Azərbaycan İdman Akademiyasında (ASA) keçirilən “Müasir idman təhsili: Yeni paradiqmalar axtarışında” mövzusunda III Beynəlxalq elmi-praktik konfrans işini uğurla başa çatdırıb.
İki gün davam edən elmi tədbirdə müasir idman təhsilinin inkişaf istiqamətləri, yeni elmi yanaşmalar və beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə olunub. Konfransın ikinci günü “İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, “İdmanda kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və “İdman fəaliyyətlərinin təşkili” mövzuları üzrə panel sessiyalarla davam edib. Sessiyalarda idmana müasir baxış, beynəlxalq idman praktikasında mövcud elmi-nəzəri və tətbiqi problemlər, habelə perspektiv həll modelləri ətrafında fikir mübadiləsi aparılıb.
Xarici alimlərin elmi məruzələri iştirakçıların diqqətini xüsusilə cəlb edib. Rado Pişot –
Koper Elm və Tədqiqat Mərkəzinin (Sloveniya) direktoru “Yataq rejimindən yarışa qayıdışa doğru: Elit idmançılarda əzələ zəifləməsi və bərpa prosesi ilə bağlı baxışlar” mövzusunda çıxışında immobilizasiya dövründən sonra əzələ kütləsinin itirilməsi, adaptasiya və bərpa mexanizmlərinə dair elmi nəticələri təqdim edib.
John Buckley – Keele Universitetinin (Böyük Britaniya) professoru “İdman performansının yaxşılaşması üçün VO₂max göstəricisi dəyişməlidirmi?” adlı məruzəsində VO₂max parametrinin dözümlülük və performansa təsiri, bu sahədə müasir elmi mübahisələr və praktiki tövsiyələr barədə danışıb.
Konfransda həmçinin Koper Elm və Tədqiqat Mərkəzinin (Sloveniya) aparıcı tədqiqatçısı Saşa Pişot “Komanda idman növləri üzrə atletlərin stress qavrayışının və gündəlik həyat hadisələrinin zədələrə təsiri” mövzusunda çıxışında psixoloji yüklənmə, stressin idarə olunması və zədələrin qarşısının alınması arasındakı əlaqəni elmi əsaslarla təhlil edib.
Qeyd edək ki, sözügedən konfrans Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə və ASA-nın 95 illik yubileyinə həsr olunub. Tədbir çərçivəsində ASA-nın idman elminə, kadr hazırlığına və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr xüsusi vurğulanıb. Qəbul olunan elmi nəticələr və müzakirə olunan yeni yanaşmalar gələcəkdə Azərbaycan idman təhsilinin daha da inkişafına, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinə və praktik idman mühitinə mühüm töhfə verəcək.