Evdən işləmək artıq əmək mədəniyyətinin adi bir hissəsinə çevrilsə də, onun psixi sağlamlığa təsiri hələ də müzakirə mövzusudur. Avstraliya alimlərinin 16 mindən çox işçi barədə iyirmi illik məlumatlara əsaslanan yeni araşdırması göstərib ki, ən böyük faydanı qadınlar — xüsusilə də hibrid formatda həm evdən, həm də ofisdən işləyənlər — əldə edirlər.
32gun.az xəbər verir ki, bu barədə The Conversation portalı məlumat yayıb.
Tədqiqatçılar HILDA adlı milli uzunmüddətli araşdırmanın 2000-ci illərin əvvəllərindən 2019-cu ilə qədər olan məlumatlarını təhlil ediblər. COVID-19 pandemiyasının təsirini aradan qaldırmaq üçün pandemiya illəri nümunədən çıxarılıb. Modellər iş vərdişləri ilə yanaşı, həyat şəraitindəki dəyişiklikləri — məsələn, iş dəyişikliyi və ya uşağın dünyaya gəlməsi kimi faktorları da nəzərə alıb.
Əsas nəticələrdən biri cinslər arasındakı fərqlərlə bağlıdır. Uzun məsafəli yolçuluq artıq narahatlıq və ya əhval enməsi yaşayan kişilərin vəziyyətini daha da pisləşdirib. Səhərlər yolda əlavə yarım saat keçirmək ailənin gəlirinin 2% azalması ilə müqayisə oluna biləcək təsir göstərib. Qadınların psixi sağlamlığına isə yol müddəti demək olar ki, təsir etməyib.
Daha vacib amil işin formatı olub. Psixi sağlamlığı daha zəif olan qadınlar üçün hibrid iş rejimi — həftədə bir–iki gün ofisdə, qalan günlər evdən işləmək — ciddi dəstək mənbəyinə çevrilib. Bu rejimin yaratdığı müsbət təsir təxminən 15%-lik gəlir artımı ilə müqayisə edilə bilər. Uzaqdan iş qadınlarda stresi azaldıb və peşəkar fəaliyyətlə ailə öhdəliklərini daha balanslı şəkildə bölüşməyə imkan verib.
Kişilər üçün isə evdən işləməyin təsiri əsasən neytral olub. Tədqiqatçılar bunu ev təsərrüfatı işlərinin paylaşılmasındakı fərqlərlə və kişilərin sosial əlaqələrinin daha çox iş mühitində formalaşması ilə izah edirlər.
Müəlliflər bildirib ki, psixi cəhətdən daha həssas insanlar iş şəraitinə olduqca həssasdırlar. Uzun yolçuluq və çevikliyin olmaması onların emosional resursunu tez tükəndirir, evdən işləmək imkanı isə qoruyucu faktor rolunu oynayır.
Alimlər işəgötürənlərə əməkdaşların fərdi xüsusiyyətlərini nəzərə almağı və vahid “ofisə dönüş” tələblərindən çəkinməyi tövsiyə ediblər. İşçilərə isə əsas tövsiyə kimi öz vəziyyətlərini müşahidə etmək, mürəkkəb tapşırıqları daha rahat yerinə yetirə bildikləri mühiti seçmək və iş qrafikini şəxsi dözümlülüklərinə uyğun planlaşdırmaq məsləhət görülüb.
Ayaz