ÖZ XƏBƏR

Qobustan RİH yükləyici ekskavatoru bu şirkətdən alır

Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən yükləyici ekskavatorun satın alınması ilə bağlı satınalma proseduru yekunlaşıb.

32gun.az xəbər verir ki,  satınalma üzrə qalib kimi “ALFA MOTORS COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilib. Bağlanacaq müqavilənin dəyəri 111.500 AZN təşkil edir. Satın alınan texnika 1 ədəd yükləyici ekskavatordur və 2024 və ya 2025-ci il istehsalı olan, yeni və təkərli texnika olmalıdır.

Texniki şərtlərə əsasən, ekskavatorun dizel mühərrikinin həcmi minimum 4000 kub.sm, gücü isə ən azı 92 at gücü təşkil etməlidir. Qabaq təknənin həcmi minimum 1 kubmetr, arxa təknənin həcmi isə ən azı 0,17 kubmetr nəzərdə tutulur. İşlək çəkisi minimum 8400 kq, yanacaq çəninin həcmi isə azı 130 litr olmalıdır. Arxa təknənin qazma dərinliyi minimum 5650 mm, hidravlik axın isə 140 litr/dəqiqə səviyyəsində göstərilib.

Bundan əlavə, texnikanın kabinəsində kondisioner, LCD ekranlı idarəetmə paneli, teleskopik uzanan qol və hidravlik xəttin olması tələb edilir. Ekskavatora 2 il zəmanət verilməsi də şərtlər sırasındadır.

Bildirək ki, satınalmada qalib olan “ALFA MOTORS COMPANY” MMC-nin nizamnamə kapitalı cəmi 20 manatdır. Şirkətin qanuni təmsilçisi isə Mehdi Xaliqov Pərvaz oğludur.

Xatırladaq ki, Qobustan Rayon İcra Hakimiyyətinin hazırkı başçısı Adil Məmmədovdur

Ayaz

 

Oxşar Xəbərlər