Taylandda istirahət edən turistin üzündə müvəqqəti tatuajdan sonra ağrılı qabarcıqlar yaranıb.
32gun.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Bloqer Nik Nayersina dostları ilə birlikdə küçə ustasının xidmətindən istifadə edərək üzünə müvəqqəti tatuaj etdirib. Bir neçə gün sonra isə turistin dərisində irinli, ağrılı qabarcıqlar əmələ gəlib, dəri soyulmağa başlayıb.
Hadisəyə səbəb kimi saxta “qara xına”ya əlavə olunan kimyəvi boya — parafenilendiamin (PFDА) göstərilir. Təbii xına qəhvəyi rəngə malik və nisbətən təhlükəsiz olduğu halda, PFDА davamlı və tünd qara rəng almaq üçün istifadə olunur və ABŞ, Avstraliya və Avropa İttifaqında dəridə tətbiqinə qadağa qoyulub. Maddənin az miqdarı belə ciddi kimyəvi yanıqlara, allergik reaksiyalara, astmaya və qalıcı çapıqlara səbəb ola bilər.
Los-Ancelesə qayıtdıqdan sonra Nik kosmetoloqa müraciət etmək məcburiyyətində qalıb. Gellə müalicə və işıq terapiyası dərinin bərpasına kömək edib. Mütəxəssis onun çapığının zamanla yox olacağını bildirib.
“Nəticələrimi başqalarının da eyni səhvi etməməsi üçün paylaşdım. Bu, zarafat deyil. Ucuz küçə tatuajı əyləncəli görünə bilər, lakin məzuniyyətdən sonra da uzun müddət fəsadlar yarada bilər”, — deyə o bildirib.
Ayaz