Çin 2026-cı ildə Ay üzrə pilotlu kosmik proqram çərçivəsində istifadə olunacaq superağır “Long March 10” raketini buraxmağı planlaşdırır.
32gun.az bildirir ki, bu barədə Çin Raket Texnikası Tədqiqat İnstitutunun açıqlamasına istinadən SpaceNews portalı məlumat yayıb.
Bildirilir ki, “Long March 10” raketinin iki variantı təqdim olunacaq. Üçpilləli daşıyıcıya malik baza versiyası Ay orbitinə pilotlu “Mengzhou” kosmik gəmisini və Ay eniş modulunu çatdırmaq üçün nəzərdə tutulub. “Long March 10A” variantı isə qismən təkrar istifadə oluna bilən iki mərhələli raketdir və “Mengzhou” gəmisinin Yerə yaxın aşağı orbitə, Tiangong kosmik stansiyasına göndərilməsi üçün istifadə ediləcək.
Qeyd edək ki, bu ilin may ayında “Roskosmos” dövlət korporasiyası Çin Xalq Respublikası ilə Ayda elektrik stansiyasının yaradılması sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb. Planlara əsasən, stansiyada müxtəlif kosmik tədqiqatlar aparılacaq, həmçinin Ayda uzunmüddətli pilotsuz fəaliyyətə və gələcəkdə insanın iştirakına imkan verən texnologiyalar sınaqdan keçiriləcək.
Ayaz