Böyük Britaniyanın Xarici İşlər Nazirliyi ölkənin BMT yanında daimi nümayəndəsi Kristian Törnerin ABŞ-a səfir təyin olunduğunu açıqlayıb.
32gun.az bildirir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer Sky News-a bildirib.
Qərar əvvəlki səfirin qalmaqallı maliyyəçi Ceffri Epşteynlə əlaqələri səbəbilə vəzifədən azad edilməsindən sonra verilib.
Baş nazir Kir Starmer təyinatla bağlı deyib:
“Kristian Törnerin Böyük Britaniyanın Amerika Birləşmiş Ştatlarındakı səfiri təyin olunduğunu məmnuniyyətlə elan edirəm. Böyük Britaniya ilə ABŞ arasında xüsusi münasibətlər mövcuddur və Kristianın təcrübəli diplomat kimi zəngin fəaliyyəti bu müstəsna əlaqələrin möhkəmlənməsinə və gələcəkdə daha da inkişaf etməsinə töhfə verəcək”.
Qeyd edək ki, Kristian Törner BMT yanında daimi nümayəndə vəzifəsinə təyin edilsə də, bu posta faktiki olaraq başlamamışdı. O, 2023-cü ildən 2025-ci ilin əvvəlinə qədər Böyük Britaniya Xarici İşlər Nazirliyində siyasi direktor vəzifəsində çalışıb. Daha əvvəl isə Böyük Britaniyanın Pakistandakı səfiri olub.
Britaniya mediasının məlumatına görə, Kir Starmer son vaxtlar ABŞ-dakı səfir postu üçün üç namizədlə müsahibə aparıb. Final siyahısına Kristian Törnerlə yanaşı, baş nazirin əsas biznes məsləhətçisi Varun Çandra və Böyük Britaniyanın Rusiyadakı səfiri Naycel Keysi də daxil idi.
Ayaz