Kişi sevgilisindən pul oğurlayıb arvadına göndərib
Samara şəhərində məhkəmə yerli sakini tanışından pul oğurlamaqda təqsirli bilib. Kişi sevgilisinin hesabından külli miqdarda vəsaiti mənimsəyərək onu həyat yoldaşının hesabına köçürüb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə region prokurorluğu məlumat yayıb.
Məhkəmənin müəyyən etdiyinə görə, hadisə 2025-ci ilin sentyabr ayında baş verib. Təqsirləndirilən şəxs tanışı ilə birlikdə spirtli içki qəbul edib. Süfrə arxasında olarkən qadının mobil bank tətbiqinə çıxışı olan telefonunu götürərək onun hesabından bir neçə dəfə pul köçürməsi edib. Nəticədə zərərçəkmişin hesabından ümumilikdə 37 min rubldan çox vəsait çıxarılıb.
Pulun alıcısı kişinin həyat yoldaşı olub. Cütlük oğurlanmış vəsaiti birlikdə ərzaq və spirtli içkilərin alınmasına xərcləyib. Faktla bağlı oğurluq maddəsi üzrə cinayət işi açılıb. Məhkəmənin hökmü ilə kişi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək xüsusi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Qeyd edək ki, bundan əvvəl Başqırdıstanda bir kişi ona borc verməkdən imtina edən içki yoldaşını döyərək qarət etmişdi. Qadın huşsuz vəziyyətdə olarkən onun mobil telefonunu və bank kartını oğurlayan şəxs sonradan kartdan təxminən 3 min rubl nağdlaşdırmışdı.
Ayaz