ÖZ XƏBƏR

Sükutla cəzalandırmaq: Münasibətlərdə səssizliyin görünməyən, amma dağıdıcı gücü

Münasibətlərdə konflikt qaçılmazdır. Fikir ayrılığı, inciklik və ya məyusluq hər bir insanın yaşadığı normal hallardır. Lakin bu vəziyyətlə necə davranmaq münasibətin sağlamlığını müəyyənləşdirən əsas faktorlardandır. Son illər psixoloqların və ailə məsləhətçilərinin tez-tez diqqət çəkdiyi problemlərdən biri də “sükutla cəzalandırmaq” davranışıdır. Bu, tərəflərdən birinin qəsdən danışmaması, ünsiyyəti kəsməsi və qarşı tərəfi tam səssizliklə cəzalandırması formasında özünü göstərir.

İlk baxışdan səssizlik sakitlik, mübahisədən uzaq durmaq kimi görünə bilər. Ancaq məqsəd problemi həll etmək yox, qarşı tərəfi cəzalandırmaq, günahkarlıq hissi aşılamaq və psixoloji təzyiq göstərməkdirsə, bu artıq təhlükəli bir manipulyasiya üsuluna çevrilir. Sükutla cəzalandırılan insan zamanla özünü dəyərsiz, görünməz və emosional olaraq tərk edilmiş hiss edir. Xüsusilə ailə və romantik münasibətlərdə bu davranış etimadı sarsıdır, emosional bağları zəiflədir və uzunmüddətli psixoloji izlər buraxa bilir.

Araşdırmalar göstərir ki, davamlı səssizliklə qarşılaşan şəxslərdə narahatlıq, özünə inamsızlıq və hətta depressiv əlamətlər yarana bilər. Çünki insan üçün ən ağrılı vəziyyətlərdən biri cavabsız qalmaq və nə baş verdiyini anlamamaqdır. Ünsiyyətin kəsilməsi problemi həll etmir, əksinə, onu dərinləşdirir və münasibətdə görünməz divarlar yaradır

Psixoloq Leyla Məmmədova  mövzu ilə bağlı 32gun.az-a bildirir ki, sükutla cəzalandırmaq emosional zorakılığın passiv formalarından biri hesab olunur:
“İnsan danışmadıqda qarşı tərəfə ‘sən buna layiq deyilsən’ mesajı ötürür. Bu isə şüuraltı səviyyədə ciddi travmalar yarada bilər. Xüsusilə gənclər və emosional həssas insanlar bu davranışı öz dəyərsizliyi kimi qəbul edirlər.”

Mütəxəssisin sözlərinə görə, sağlam münasibətdə tərəflər mübahisə zamanı qısa fasilə verə bilər, lakin bu, müvəqqəti və izah olunmuş olmalıdır:
“Əgər insan ‘indi sakitləşmək üçün zamana ehtiyacım var’ deyirsə, bu, sükutla cəzalandırmaq deyil. Amma səbəb göstərmədən günlərlə danışmamaq artıq nəzarət və cəza mexanizmidir.”

Leyla Məmmədova vurğulayır ki, uzun müddət bu cür münasibətdə qalan şəxslər öz fikirlərini ifadə etməkdən çəkinməyə başlayır:
“Onlar düşünür ki, hər etiraz səssizliklə nəticələnəcək. Bu da münasibətdə balansı pozur, bir tərəfi susmağa, digərini isə dominant olmağa məcbur edir.”

Ekspert çıxış yolu olaraq açıq ünsiyyəti və emosiyaların sözlə ifadəsini tövsiyə edir:
“Problemi danışmaq çətindir, amma susmaq daha təhlükəlidir. Münasibəti qorumaq istəyən tərəflər səssizliyi silah yox, dialoqa keçid üçün fasilə kimi istifadə etməlidirlər.”

Nilay ÖzSöz

Oxşar Xəbərlər