ÖZ XƏBƏR

Gec yatmaq vərdişi bədəni necə aldadır? Bioloji saat nə deyir?

Müasir həyat tərzi gec yatmağı demək olar ki, normaya çevirib. Sosial şəbəkələr, seriallar, gec saatlara qədər işləmək və ya sadəcə “bir az da oyaq qalım” düşüncəsi insanları bioloji ritmlərindən uzaqlaşdırır. İlk baxışdan gec yatmaq ciddi problem kimi görünməsə də, bu vərdiş zamanla orqanizmi “aldadaraq” onun təbii işləmə mexanizmini pozur. İnsan bədəni min illərdir günəşin doğub-batmasına uyğun formalaşıb. Bioloji saat – yəni sirkadiyen ritm – yuxu, hormon ifrazı, bədən temperaturu və maddələr mübadiləsini tənzimləyir. Gec yatmaq isə bu mexanizmə yanlış siqnallar göndərərək bədənin gecə ilə gündüzü ayırd etmə qabiliyyətini zəiflədir. Nəticədə yorğunluq, diqqət dağınıqlığı, əsəbilik və uzunmüddətli sağlamlıq problemləri ortaya çıxır.

Bioloji saat necə işləyir?
Bioloji saat beynin hipotalamus hissəsində yerləşən supraxiazmatik nüvə tərəfindən idarə olunur. Bu mərkəz işıq və qaranlıq siqnallarına əsasən orqanizmə “oyan” və ya “dincəl” əmri verir. Axşam saatlarında qaranlıq artdıqca melatonin hormonu ifraz olunur və bədən yuxuya hazırlaşır. Gec saatlara qədər işıq altında qalmaq – xüsusilə telefon və kompüter ekranları – melatonin ifrazını azaldır və beyin hələ də gündüz olduğunu düşünür. Beləliklə, bədən fiziki olaraq yorğun olsa da, bioloji baxımdan yatmağa hazır olmur.

Gec yatmaq bədəni necə aldadır?
Endokrinoloq Dr. Kamal Rzayev 32gun.az bildirir ki, gec yatmaq orqanizmdə hormonal balansı pozur:
“İnsan gec yatdıqca bədən stres hormonu olan kortizolu daha çox ifraz edir. Bu da immun sistemini zəiflədir, çəki artımına və şəkərli diabet riskinin yüksəlməsinə səbəb olur. Bədən sanki daimi fövqəladə rejimdə işləyir.”

Mütəxəssisin sözlərinə görə, gec yatmağa alışan insanlar səhər tezdən durmağa məcbur olduqda bioloji saatla real vaxt arasında ziddiyyət yaranır. Bu vəziyyət “sosial jetlaq” adlanır və bədənin zaman anlayışını tamamilə çaşdırır.

Psixoloji təsirlər və beyin fəaliyyəti
Psixoloq Aysel Məmmədova gec yatmağın psixi sağlamlığa təsirinə diqqət çəkir:
“Yuxu beyin üçün təmizlənmə prosesidir. Gec yatmaq bu prosesi yarımçıq qoyur. Nəticədə insan emosional olaraq daha həssas, əsəbi və stressə meyilli olur. Uzun müddət davam edən yuxu pozuntuları depressiya və narahatlıq hallarını gücləndirə bilər.”

Onun fikrincə, gec yatmağa alışmış insanlar gündüz saatlarında özlərini passiv hiss edir, motivasiya azalır və qərarvermə qabiliyyəti zəifləyir.

Uzunmüddətli risklər
Yuxu üzrə mütəxəssis Nevropatoloq Elçin Quliyev qeyd edir ki, xroniki gec yatmaq ürək-damar xəstəlikləri, yüksək təzyiq və yaddaş problemləri riskini artırır:
“Bioloji saatla zidd gedən həyat tərzi bədənin bərpa mexanizmini sıradan çıxarır. Bu da erkən yaşlanma və ümumi sağlamlığın zəifləməsi ilə nəticələnir.”

Gec yatmaq sadəcə yuxu rejiminin pozulması deyil, bədənin özünü aldatmasıdır. Bioloji saat gecə istirahət, gündüz isə aktivlik üçün qurulub. Bu ritmi davamlı şəkildə pozmaq qısa müddətdə yorğunluq, uzun müddətdə isə ciddi sağlamlıq problemləri yarada bilər. Mütəxəssislər tövsiyə edir ki, mümkün qədər eyni saatda yatıb-durmaq, axşam saatlarında ekran istifadəsini azaltmaq və bədənin təbii ritminə uyğun yaşamaq ümumi sağlamlıq üçün əsas şərtlərdən biridir.

Nilay

Oxşar Xəbərlər